Ədəbiyyatın qarşısının alınması

George Orwell

Ədəbiyyat
Photo

Təxminən bir il əvvəl PEN Klubun görüşlərinin birində, Miltonun “Aeropogetica”sının üç yüz illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etdim. Xatırlanacağı kimi, pamflet (Aeropogetica) mətbuat azadlığının müdafiəsinə həsr olunub.Miltonun bir kitabı “öldürmək” günahı ilə bağlı məşhur ifadəsi görüşdən əvvəl paylanmış reklam vərəqləri üzərində qeyd olunmuşdu.

Platformada dörd məruzəçi vardı. Onlardan biri mətbuat azadlığı ilə əlaqəli danışdı, lakin sadəcə Hindistanla bağlı. Digəri qətiyyətsiz şəkildə və çox ümumi mənada azadlığın yaxşı şey olduğunu dedi. Üçüncüsü ədəbiyyatda abırsızlıqla əlaqəli qanunlara hücum etdi. Dördüncü isə çıxışının çox hissəsini rus təmizləmələrinin müdafiəsinə həsr etdi. Salondan edilən çıxışlarda bəziləri abırsızlıq və onunla bağlı qanunlara geri döndü, digərləri isə sadəcə Sovet Rusiyasını öydülər. Əxlaqi azadlıq – cinsi məsələləri açıq şəkildə yazılı müzakirə etmək azadlığı – görünürdü ki, ümumi şəkildə qəbul edilib, lakin siyasi azadlıqdan danışılmırdı. Demək olar ki, yarısı birbaşa yazı ticarəti ilə əlaqəli olan burdakı bir neçə yüz insandan bir nəfər belə, mətbuat azadlığının, əgər ən azından bir şey ifadə edirsə, tənqid və müxaliflik etmə azadlığı olduğuna diqqət çəkmədi. Hansısa məruzəçi guya yad edilən pamfletdən nəzərə çarpacaq dərəcədə sitat gətirmədi. Müharibə vaxtı İngiltərə və ABŞ-da “öldürülən” müxtəlif kitablar barədə də kimsə danışmadı. Əslinə qalsa, görüş senzura leyhinə nümayiş idi.

Bunda xüsusilə təəccüblü nəsə yox idi. Bizim əsrdə intellektual azadlıq ideyası iki istiqamətdən hücuma məruz qalır. Bir tərəfdən onun nəzəri düşmənləri – totalitarizmin apoloqları, digər tərəfdən də onun bilavasitə, praktiki düşmənləri – monopoliya və bürokratiya. Dürüstlüyünü qorumaq istəyən istənilən yazar yaxud jurnalist aktiv təqibdən daha çox, cəmiyyətin ümumi axını tərəfindən əngəlləndiyini görür. Mətbuatın bir neçə zəngin adamın əlində cəmləşməsi, radio və filmlər üzərində sərt monopoliya, cəmiyyətin kitablara pul xərcləmək istəməməsi kimi əleyhinə işləyən şeylər, demək olar, hər bir yazarı məcbur edir ki, dolanışıqlarını gündəlik yazı işlərindən, MOI və British Council kimi rəsmi orqanların təcavüzündən – bu orqanlar yazara sağ qalmaq üçün kömək etməklə yanaşı, zamanını israf edərək ona öz fikirlərini diktə edirlər – və kimsənin təhrifedici təsirlərindən qaça bilmədiyi son on ilin davam edən müharibə atmosferindən çıxarsınlar. Bizim əsrdə hər şey yazarı və eyni zamanda digər hər növ sənətçini yuxarıdan verilən məsələlər üzərində işləyən və gördüyü həqiqətin hamısını əsla deməyən kiçik səlahiyyətliyə çevirmək üçün hiylə qurub. Lakin o, bu taleyə qarşı mübarizədə öz tərəfdarlarından hansısa kömək almır; yəni haqqlı olduğu barədə onu əmin edəcək böyük bir rəy orqanı yoxdur. Keçmişdə, protestant əsrləri boyunca müəyyən bir səviyyədə, üsyan fikri və intellektual dürüstlük ideyası bir-birinə qarışmışdı. Heretik – siyasi, mənəvi, dini yaxud estetik – öz vicdanını təhqir etməyi rədd edən adam idi. Onun dünyagörüşü revivalist ilahinin sözlərində cəmləşib:

Daniel olmaq üçün cəsarət

Təkbaşına ayaqda durmaq üçün cəsarət

Möhkəm mərama sahib olmaq üçün cəsarət

Aşkar etmək üçün cəsarət

Bu ilahini bu günə qədər gətirsək, gərək hər sətirin əvvəlinə “Etmə” (don’t dare) əlavə edək. Çünki əsrimizin xüsusiyyəti elədir ki, mövcud nizama qarşı çıxan üsyançılar, hər hansı bir səviyyədə ən çox və ən xarakteristik olanları, eyni zamanda individual dürüstlüyün (bütövlüyün) əleyhinədirlər. “Təkbaşına ayaqda durmaq cəsarəti” ideoloji baxımdan cinayət olduğu qədər, praktiki cəhətdən də təhlükəlidir. Yazarın və sənətçinin müstəqilliyi qeyri-müəyyən iqtisadi güclər tərəfindən məhv edilir və eyni zamanda elə kəslər tərəfindən sarsıdılır ki, (əslində) gərək onu müdafiə etsinlər. Mənim burada maraqlandığım ikinci prosesdir.

Fikir və mətbuat azadlığına adətən elə arqumentlərlə hücum edilir ki, onlar haqqında narahat olmağa dəyməz. Çıxış və debat təcrübəsi olan hər kəs onları geriyə çevirə bilir. Burada mən azadlığın illuziya olduğu kimi tanış iddia ilə, yaxud totalitar ölkələrdə demokratik ölkələrlə müqayisədə daha çox azadlıq olduğu iddiası ilə yox, daha çox azadlığı arzuedilməz və intellektual dürüstlüyü anti-sosial eqoizmin bir forması kimi təqdim edən daha müdafiə edilə bilən və təhlükəli təlqin ilə məşğul olmağa çalışıram. Məsələnin digər aspektləri adətən ön planda olsa da, söz və mətbuat azadlığı barəsindəki mübahisələr əslində istəyə yaxud başqa şəkildə yalanlara ziddir. Burada söhbət aktual hadisələr barədə doğru şəkildə məlumat vermək hüququ yaxud doğruluğun hər müşahidəçinin istər-istəməz əziyyət çəkdiyi cəhalət, qeyri-obyektivlik və özünü aldatma ilə nə dərəcədə uzlaşmasından gedir. Bunu deyərkən, elə hesab edilməsin ki, mən dürüst “reportaj”ı ədəbiyyatın yeganə əhəmiyyətli qolu sayıram: bununla belə, hər ədəbi səviyyədə və ehtimal ki, hər bir sənətdə eyni məsələnin (az və çox dərəcədə) seyrəldilmiş formalarda ortaya çıxdığını daha sonra göstərməyə çalışacam…

İntellektual azadlığın düşmənləri öz işlərini hər zaman individualizmə qarşı çıxan disiplinin müdafiəsi üçün təqdim etməyə çalışırlar. Həqiqət yalana qarşı problemi mümkün olduğu qədər arxa planda saxlanılır. Vurğu nöqtəsi dəyişə bilsə də, düşüncələrini satmağı rədd edən yazar həmişə sadəcə eqoist kimi damğalanır. Katoliklər və kommunistlər opponentin həm dürüst, həm də ağıllı ola bilməcəyini hesab etməyə meyillidirlər. Onların hər biri dinməz-söyləməz iddia edir ki, “həqiqət” çoxdan aşkar olunub və əgər sadəcə axmaq deyilsə, heretik gizli şəkildə “həqiqət”dən xəbərdardır və yalnız onu eqoist motivlərdən müdafiə edir. Kommunist ədəbiyyatda intellektual azadlığa qarşı hücum adətən “kiçik-burjuaziya individualizmi”, “on doqquzuncu əsrin liberalism illuziyaları” və d. xitablarla maskalanır və romantik, sentimental kimi istismarçı sözlərlə dəstəklənir, hansı ki, bu sözlərə elə bir razılaşdırılmış mənası olmadığı üçün cavab vermək çətindir. Bu yolla mübahisə real problemdən uzaqlaşdırılır. Hər kəs, ən ziyalı adamlar belə təmiz azadlığın yalnız sinifsiz cəmiyyətdə mövcud olacağı barədə Kommunist tezisini qəbul edə bilər və kimsə həmin cəmiyyət uğrunda çalışırsa həmin adam demək olar ki, azaddır. Lakin buradakı sürüşmə Kommunist Partiyasının sinifsiz cəmiyyət yaradılmasını hədəflədiyi və ABŞ-da bu məqsədin faktiki olaraq reallaşdırılmaqda olduğu yönündəki tamamilə əsassız iddiadır. İlk iddianın özü ilə ikinci iddianı dartıb aparmasına icazə verilsə, haqlı göstərilməsi mümkün olmayan sağlam düşüncə və ümumi ədalətə qarşı demək olar ki, hansısa hücum edilmir. Lakin bu arada əsas nöqtədən yayınma baş verir. Düşüncə azadlığı insanın gödüyü, eşitdiyi və hiss etdiklərini çatdırmaq azadlığı, xəyali fakt və hisslər yaratmağa məcbur edilmədiyi mənasına gəlir. “Eskapizm”, “individualism” və “romantizm” və s. əleyhinə tanış iddialar sadəcə məqsədi tarixi təhrifi hörmətə mindirmək olan mühakimə hiyləsidir.

On beş il əvvəl, bir şəxs düşüncə azadlığını müdafiə etdiyi zaman, onu mühafizəkarlara, katoliklərə və müəyyən qədər – çünki İngiltərədə böyük əhəmiyyətə malik deyildilər – faşistlərə qarşı müdafiə etmək məcburiyyətində idi. Bu gün isə kommunistlərə və “yol yoldaşlarına” qarşı müdafiə etməlidir. Kiçik ingilis Kommunist Partiyasının birbaşa təsirini şişirdilməməlidir, lakin rus mitoslarının (mythos) ingilis intellektual həyatı üzərindəki zəhərli təsiri barədə hansısa sual ola bilməz. Çünki məlum olan faktlar zamanımızın həqiqi tarixinin yazıla biləcəyi məsələsində şübhəyə düşəcək qədər təzyiqə və təhrifə məruz qalıb. İcazə verin qeyd edilə biləcək yüzlərlə nümunədən sadəcə birini verim. Almaniya çökdüyü zaman məlum oldu ki, xeyli sayda sovet rusu – əksəriyyəti, şübhəsiz ki, qeyri-siyasi səbəblərdən – tərəf dəyişdirib və Almaniya üçün döyüşüb. Həmçinin rus məhbuslarının və yerlərindən didərgin salınmış şəxslərin kiçik, lakin gözardı edilə bilinməyəcək bir qismi SSRİ-yə geri qayıtmaqdan imtina etdi və onların ən azından bir hissəsi istəməyərəkdən öz ölkələrinə geri göndərildilər. Bir çox jurnalistə dərhal məlum olan bu faktlar ingilis mətbuatında demək olar ki, dilə gətirilmədiyi halda, həmin vaxt İngiltərədəki rusofil siyasi yazarlar 1936-38-ci illərin təmizləmə və sürgünlərinə SSRİ-də “vətən xainləri yoxdur” iddiası ilə haqq qazandırmağa davam etdilər. Ukraniya qıtlığı, İspaniya Vətəndaş Müharibəsi, Polşadakı rus siyasəti və oxşar mövzular ətrafındakı yalanlar və yanlış məlumatlandırma dumanları tamamilə şüurlu saxtakarlıqdan qaynaqlanmır, lakin SSRİ-yə tam simpatiya – simpatiya, yəni rusların olmasını istədikləri şəkildə – duyan hər yazar və jurnalist vacib məsələlər üzrə qəsdli saxtakarlıqla razılaşmaq məcburiyyətindədir. Məndən öncə, 1918-ci ildə Maksim Litvinov tərəfindən yazılmış və Rus İnqilabındakı son hadisələri xülasə edən çox nadir pamflet var. Orada Stalindən bəhs edilmir, lakin Trotiskiyə və həmçinin Zinovyev, Kamenev və digərlərinə yüksək qiymət verilir. İntellektual cəhətdən ən diqqətli kommunistin belə bir pamfletə münasibəti necə olar? Ən yaxşı ehtimalla, onun arzuolunmaz bir sənəd olduğunu deyən cahil münasibət. Əgər müəyyən bir səbəbdən, pamfletin saxta bir variantını nəşr etmək, Trotiskini pisləmək və Stalinə istinadlar etmək qərara alınsaydı, partiyasına sadiq hansısa kommunist buna etiraz etməzdi. Son illərdə bu kimi kobud saxtakarlıqlar törədilir. Lakin mühüm olan bunların baş verməsi yox, hətta məlum olduğu halda, sol-qanad intelligensiyanın bunlara tamamilə reaksiya göstərməməsidir. Həqiqəti deməyin arqumenti “qeyri-müvafiq” yaxud “kiminsə əlinə keçər” ola bilər və çox az adam qəzetlərdən çıxaraq tarix kitablarına girməsinə göz yumduqları yalanların gələcək taleyindən narahat olur.

1946

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR